Bu il 700 bal toplamış iki abituriyent | Təhsil Elanları
Bu il 700 bal toplamış iki abituriyent
Bölmə:Tələbə qəbulu 744 dəfə oxunub
14.06.2014

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 1-də bu il üzrə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş sonuncu sınaq imtahanının nəticələrini elan edərkən, məlum oldu ki, iki gənc 700 bal toplayıb. Bu, hələlik 2014-cü ildə keçirilmiş sınaq və qəbul imtahanlarında ilk ən yüksək göstəricidir. Yeri gəlmişkən, son illər sınaq imtahanlarında hələ heç kim 700 bal toplamamışdı.

Modern.az saytının məlumatına görə, 700 bal toplamış həmin abituriyentlərdən biri II, digəri isə IV ixtisas qrupu üzrə qeyd olunan nəticəni göstərib. Bəs onlar kimdir?

IV qrup üzrə slnaq imtahanında ən yüksək nəticə göstərib Vüqar Kazım oğlu Alpaşayev 1997-ci il avqustun 30-da Xırdalan şəhərində anadan olub. 2003-cü ildə Xırdalan şəhər 3 nömrəli orta məktəbin birinci sinfinə gedib. 2007-ci ildə testlə imtahan verərək Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 5-ci sinfinə daxil olub.
Bakı Türk liseyinin builki məzunu olan 17 yaşlı Vüqar Alpaşayev həkim olmaq arzusundadır.
Liseydə həmişə dərs əlaçısı olub, təhsildəki uğurlarına görə 30-dək fəxri fərman və tərifnamə alıb. Dəfələrlə bilik yarışlarının qalibi olub. Qafqaz Universiteti və “Araz” hazırlıq kurslarının təşkil etdiyi “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş bilik yarışında 700 balla respublika birincisi olub (2013-cü il), “İstedadlı uşaqlar festivalı-2014″-ün diplomuna layiq görülüb, 2014-cü ildə məktəblilərin Respublika fənn olimpiadasında biologiya fənni üzrə birinci yeri tutub.
Vüqarın Alpaşayev bu il keçirilmiş üç sınaq imtahanında iştirak edərək, müvafiq olaraq 695, 680 və 700 bal toplayıb.

Rauf Akif oğlu Mirişli sınaq imtahanlarında II ixtisas qrupu üzrə 700 bal toplayıb. O, 1997-ci il iyunun 22-də Saatlı rayonunun Əlisoltanlı fin evi şəhərciyində anadan olub. Valideynləri 1993-cü ildə erməni təcavüzü nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün düşüb və Saatlı rayonuna pənah gətiriblər. Rauf 2003-cü ildə Saatlı rayonundakı Cəbrayıl rayon Tatar kənd orta məktəbində birinci sinfə daxil olub və bu il həmin məktəbi yüksək təlim uğurları ilə bitirib. Ümumiyyətlə, oxuduğu məktəbdə həmişə əlaçı olub. Bu işdə müəllimlərinin və valideynlərinin rolunu yüksək qiymətləndirən gənc məhz onların yaratdığı şərait və verdikləri məsləhət və tövsiyələr sayəsində təhsilə, elmə həmişə yüksək maraq göstərib.
Rauf Mirişli iqtisadçı olmağı, mühasibatlıq sahəsində çalışmağı qərara alıb. Seçiminə uyğun olaraq ikinci ixtisas qrupu üzrə imtahanlara hazırlaşmağa başlayıb. Öz biliyini daha da artırmaq, ali və orta ixtisas məktəblərinə yaxşı hazırlaşmaq üçün X-XI siniflərdə  əlavə məşğələlərə gedib. Bu amil, eləcə də bütün vaxtını kitablarla keçirməsi öz müsbət nəticəsini verib və gənc Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu il keçirdiyi bütün sınaqlarda iştirak edərək yüksək nəticələr  göstərib: 659, 654, 669 və 700 bal.
O, “Araz” hazırlıq kurslarının keçirdiyi sınaq imtahanlarında da 590, 683 bal nəticə göstərib. Eləcə də “Araz” kurslarının və Qafqaz Universitetinin təşkil etdiyi “Bilik” imtahanında 682 bal toplayaraq respublika üzrə V yeri tutub və pul mükafatına layiq görülüb.