ADIU tələbələri nüfuzlu şirkətin təqaüdünü qazana biləcəklər FOTO | Təhsil Elanları
ADIU tələbələri nüfuzlu şirkətin təqaüdünü qazana biləcəklər FOTO
Bölmə:Xəbərlər 469 dəfə oxunub
05.11.2015

Noyabrın 5-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “AzFinance Invest” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş tələbələrin maliyyə-investisiya xidmətləri haqda praktiki biliklərinin artırılmasına, şirkətin adlı təqaüdünü əldə etmələrinə və real iş mühitində istehsalat təcrübəsini keçmələrinə şərait yaradacaq.
UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı universitetin korporativ sektorla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. Qeyd edib ki, tədris prosesində nəzəri biliklərlə yanaşı, praktiki məlumatların çatdırılması vacibdir. Bu təşəbbüsü UNEC tələbələrinə yaratdığına görə “AzFinance Invest” şirkətinə və onun direktoru Abid Məmmədova təşəkkürünü çatdırıb.
Şirkətin direktoru Abid Məmmədov tələbələrə “AzFinance Invest”in xidmətləri barədə məlumat verib. Yerli və xarici bazarda törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarından danışan şirkət rəhbəri qeyd edib ki, müştərilər dövriyyədə olan qiymətli kağızlar barədə bütün statistik məlumatları əldə etmək imkanına malikdir. Universitetlə əməkdaşlığa böyük ümidlər bəslədiyini qeyd edən Abid Məmmədov vurğulayıb ki, şirkətin bütün imkanlarından yararlanmaq üçün tələbələrə hər cür şərait yaradılacaq.
“AzFinance Invest” şirkətinin direktor müavini Murad Əhmədov əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr barədə danışıb. Qeyd edib ki, şirkət tələbələr üçün silsilə təlimlər keçirəcək. Ən yüksək nəticə göstərən tələbələrə adlı təqaüdlərin verilməsi nəzərdə tutulub. Həmin tələbələrin “AzFinance Invest” şirkətində karyera qurmaları üçün də şərait yaradılacaq.
UNEC rektoru, professor Ə.Muradov şirkət nümayəndələrinin universitetin geniş auditoriyasına master-klassların keçmələrini təklif edib. Təkliflər sırasında “AzFinance Invest” şirkətinin UNEC-də fənn tədrisini öz üzərinə götürməsi də olub.
Sonda özlərini şirkətin komandasında görmək arzusunda olan tələbərin təlim və təcrübə proqramlarının təşkili, karyera imkanları barədə sualları cavablandırılıb.