“ASAN Xidmət”ə necə işə düzəlmək olar? | Təhsil Elanları
“ASAN Xidmət”ə necə işə düzəlmək olar?
Bölmə:Xəbərlər 15534 dəfə oxunub
01.11.2015

“ASAN Xidmət” mərkəzlərində işə qəbul olunmağın yeganə yolu dövlət qulluğu üçün nəzərdə tutulmuş müsabiqədən keçməkdir.

Bunu ANS TV-yə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədr müavini Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, bəzən ölkə vətəndaşları arasında hansısa dəllallara pul verib “ASAN Xidmət”ə işə düzəlmək istəyənlər olur, amma bu, mümkün deyil: “İşə qəbulla bağlı xoşagəlməz hallar olur. Bizə bir vətəndaşdan müraciət daxil olmuşdu. Ondan pul alıb “ASAN Xidmət”də iş vəd etmişdilər. Biz dərhal həmin şəxslə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etdik ki, lazımi tədbir görülsün. Bir daha bəyan edirəm ki, “ASAN Xidmət”in əsas prinsipi şəffaflıqdır və bunun üçün də işə qəbulun şəffaf olması şərtdir”.

Ülvi Mehdiyev həmçinin qeyd edib ki, bəzən "ASAN Xidmət"də işə qəbulla bağlı anlaşılmazlıqlar da olur: "Məsələ ondadır ki, bizdə təxminən 10 dövlət qurumunun xidmətləri göstərilir. Həmçinin bəzi yardımçı xidmətlərlə bağlı özəl sektorun təmsilçiləri "ASAN Xidmət" mərkəzlərində otururlar. Vətəndaş da ele hesab edir ki, əgər kimsə "ASAN Xidmət"də hansısa işlə məşğursa artıq oranın işçisidir. Halbuki, bizim işçi olmaya da bilər. Bununla bağlı da maarifləndirici işlər görülür".