NƏYƏ GÖRƏ AZƏRBAYCANDA MBA-DA OXUMAĞA DƏYMƏZ: 10 FAKT | Təhsil Elanları
NƏYƏ GÖRƏ AZƏRBAYCANDA MBA-DA OXUMAĞA DƏYMƏZ: 10 FAKT
Bölmə:Magistratura 999 dəfə oxunub
24.10.2015

Əvvəlcədən qeyd etmək istəyirəm ki, bütün yazılanlar mənim Azərbaycan Dövlət İqtisad Universitetində “MBA Marketing” ixtisası üzrə oxuduğum zaman real hadisələrə əsaslanır.

2011 ildə 3cü kursda oxuyarkən mən ilk dəfə olaraq marketinq ixtisası üzrə yarımştat işə düzəlmişdim. Və o andan etibarən mən özümü yalnız bu sahədə görürdüm. Və marketinq üzrə biliklərimi artırmaq üçün o zaman trenddə olan MBA-ya daxil olmağa qərarına gəldim. Həmin vaxt mən bilmirdim ki, bu həyatımın ən böyük səhvlərdən biri olacaq…Lakin, hər şeyə ardıcıllıqla nəzər salaq.

MBA nədir?

MBA (Master of Business Administration) ingilis dilindən Biznes İnzibatçılığı Maqistrı kimi tərcümə olunur. MBA postdiplom təhsil proqramıdır. Bu proqram orta və yuxarı dərəcəli menecerlərinin hazırlanmasına yönəldilib. Ümumi olaraq təhsil müddəti ortalama 2-3 il olur. Tədris texnikası case study metodu üzərindən qurulub.

MBA dərəcəsini təqdim edən tədris müəssisələri biznes məktəblər adlandırılır. Biznes məktəbləri və ya menecment məktəbələri adətən hər hansısa bir universitetinin nəznində yaradılır. Məsələn, Harvard biznes məktəbi Harvard universitetinin nəznindədir, Stenford biznes məktəbi Stenford universitetinin və s.

Adətən, MBA dərəcəsini ali təhsil ilə səhv salırlar. Lakin, MBA dərəcəsi ali təhsil deyil. Bu ona prestij bir əlavədir.

MBA dərəcəsinin bir neçə üstünlükləri var:

  • biznesin müxtəlif sahələrində praktik biliklər: maliyyə, marketinq, sahibkarlıq, menecment;
  • tanınmış şirkətlərin top-menecerlərin və nobel laureatlarının master-klass, treninq və seminarlarında iştirak imkanı;
  • təhsil zamanı tanınmış şirkətlərdə praktikanı keçmək və gələcəkdə işə düzəlmək imkanı;
  • dəyərli biznes kontaktlar və s.;

Lakin, bütün bunlar xarici praktikaya aiddir. Azərbaycanda isə vəziyyət tamamilə başqadır. Əlbəttə, mən MBA-ya daxil olanda bunu bilmirdim. Amma 1 il “oxuduqdan” sonra mən MBA təhsilimi yarımçıq saxlamağa qərarına gəldim. Və indi Sizə Azərbaycanda MBA üzrə oxumamaq üçün 10 fakt gətirəcəm:

1.Giriş imtahanları

Xaricdə hər hansı bir biznes məktəbə MBA üzrə daxil olmaq üçün Siz GMAT üzrə imtahan verməlisiniz. Təkcə ona imtahanda iştirak etmək üçün $250 ödəniş tələb olunur və bu dünyanın ən çətin imtahanlarından biridir. Bizdə isə 7-8 sinfin riyaziyyət məsələlərini həll edərək hamı MBA-ya daxil ola bilər. Bu isə bu ixtisasın “yüksək” dərəcəsinin göstəricisidir.

2. MBA-nı maqistr dərəcəsi kimi qəbul edilmə

Bizdə MBA maqistr dərəcəsini kimi qəbul edirlər. Halbuki, mən qeyd etdiyim kimi bu il elə deyil. Lakin, universitetlərimiz bunu tələbələrə çatdırmaq marağında deyillər. Çünki, MBA-da pulsuz təhsil olmadığından, nə qədər çox tələbə ora daxil olsa, universitet o qədər çox pul qazanacaq. Və bununla da ölkədə normal biznes olmadığı zaman, universitetlər hər il yüzlərlərə MBA dərəcəli məzun buraxırlar.

3. MBA dərəcəsinin düzgün anlamaması

Bizdə MBA təhsili trend olduğuna görə hamı orada oxumaq istəyir. Ona görə oxuduğum “potokda” (100 nəfərə yaxın) 80% tələbələrin nə bakalavr üzrə iqtisadi təhsili nə də heç olmasa real iş praktikası var idi. Bu isə tamamilə MBA fəlsəfəsinə ziddir. Marketinqin əsaslarını bilməyən insan axı necə “MBA Marketing” üzrə diplom ala bilər???

4. Müəllimlər

Xaricdə MBA ixtisası üzrə dərs deyən müəllimlər öz sahənin professorları, nəhəng şirkətlərinin top-menecerləri, böyük biznes sahibləridir. Bizdə isə bu tip müəllimləri barmaqla saymaq olar. Ən yaxşı halda xaricdə təhsil alan və bir neçə il iş təcrübəsi olan müəllimlər dərs deyir. Hamıya böyük hörmətlə yanaşsam da, onlar MBA layiq dərs deməyə hələ kifayət qədər təcrübələri yoxdur. Bu isə öz növbəsində MBA təhsilinin dəyərini 0 endirir.

5. Tədris sistemi

Bizdə MBA-da tədris sistemin nə dərəcədə bərbad olduğunu görmək üçün 1-2 dəfə dərslərdə oturmaq kifayətdir. MBA tədris proqramının əsas prinsipidir dərslərin case study metodikası üzrə keçirilməsidir. Lakin, bizim universitetlər heç bu sözün mənasını deyəsən bilmirlər. Dərs zamanı nə real keyslər müzakirə olunur, nə real praktikadan danışılır. Müəllimlər sadəcə öz fənnin xarici kitablardan oxuduqlarından danışmaq ilə kifayətlənirlər.

6. Təhsil haqqı

ADİU-da MBA ixtisası üzrə təhsil haqqı 2000 AZN. Tədris müddəti 2 ildir. Deməli 2 il ərzində Siz 4000 AZN ödəməlisiniz (sadə riyaziyyatdır. Lap giriş imtahanların sualları yadıma düşdü). Lakin, MBA-ya adi bakalavrdan fərqli olaraq real investisiyalar kimi baxılmalıdır. Bu o deməkdir ki, Siz MBA-da aldığınız bilik və diplomun köməyi ilə hər hansı bir işə düzəlib, ödədiyiniz pulları geri qaytarmalısınız. İndi düşünək: demək olar heç bir iş təcrübəsi olmayan bir məzun öz ixtisası üzrə hara düzələ bilər? Və bu 4000 AZN nə zaman geri qaytara bilər?

7. Vaxt itkisi

Mən bütün dərslərə işdən çıxıb gəlirdim. İşdən yorğun çıxıb maraqsız dərslərdə oturmaq o qədərdir çətindir ki, mən dərslərin çoxusunda həqiqətən yatırdım. Və beləliklə yola xərclənən vaxtı əlavə etdikdə 3 saatı itirmiş olurdum. Halbuki, bu vaxt ərzində digər faydalı işlər ilə məşğul ola bilərdim.

8. Yerli MBA diplomunun faydası 0

MBA daxil olmağının əsas səbəblərdən biri də gələcəkdə daha rahat və daha yaxşı iş tapmaq idi. Amma, inanın mənə, 20-dən çox şirkətdə müsahibələrdə olan bir insan kimi Sizə deyirəm: MBA təhsilinə fikir verən də yoxdur, nəinki bu diplom Sizə kömək edə bilər. Halbuki, məndə hətta MMU Business School (Edinburgh) mini MBA üzrə diplomum da var.

9. Effektsiz dərslər

Müəllimlərin bir semestr ərzində dediklərini 1 həftə ərzində kitabdan oxumaq olar. Məsələn, Josh Kaufman öz “Personal MBA” kitabında bunu sübut edir. (Джош Кауфман – Сам себе MBA)

10. Maqistr stereotipi

Bilmirəm bu stereotip Sovet dövründən qalıb, yoxsa artıq müstəqilik dövrümüzdə yaranıb, amma tələbələr (vaxtı ilə mən onların sırasında idim) maqistr dərəcəsini almaq üçün can atırlar. Halbuki, nə onun mənasınə, nə gələcək üçün faydasını anlamırlar.

Məncə MBA-da yeganə qazanan tərəf tələbərlərdən təhsil səviyyəsinə uyğun olmayan təhsil haqlarını alan universitetlərdir. Ümid edirəm ki, gələcəkdə MBA təhsilimiz həqiqətən MBA adına layiq olacaq.

P.S. Mən dərslərə düz 1 tədrisi ili gəlmədikdən sonra mənə universitetdən zəng gəlir: Salam, Samir. Siz niyə bir il dərsə gəlmirsiniz? Qayıblarınızın sayınə görə biz Sizi universitetdən xaric etməliyik. Heç bir narazılığınız yoxdur?

Heç bir şey olmayan yerdə, nə narazılığım ola bilər ki? :)

İşlərinizdə uğurlar!

Müəllif