Bölmə:Xəbərlər 779 dəfə oxunub
Araşdırmalarımıza ilk olaraq paytaxtın bir neçə orta ümumtəhsil məktəbindən başladıq. Qocaman müəllimlərlə, valideynlərlə, müəssisə rəhbərləri ilə söhbətləşdik. Məlum oldu ki, müəllimlərin geyimi bəzi müəssisələrdə qaneedici olsa da, çoxsaylı məktəblərimizdə müəllimə, çalışdıqları təhsil ocağına yaraşmayan geyim tərzi nümayiş etdirənlər də az deyildir.
Mütəxəssislərlə söhbətlərimizdə o da vurğulandı ki, müəllimlərin qeyri-düzgün geyim forması müəllim nüfuzuna, şagirdlərin tərbiyəsinə, tədrisin keyfiyyətinə ciddi təsir göstərən əsas amillərdən biridir. Övladlarının təhsilini, tərbiyəsini etibar etdikləri şəxslərin açıq-saçıq geyimləri, həddən ziyadə taxdıqları zinyət əşyaları, istifadə etdikləri parlaq və şit boyalı bəzəklər, kosmetikalar bəzən bu müqəddəs peşə sahiblərinə olan inamın azalmasına gətirib çıxarır. Bundan başqa, şagirdlər arasında həmin müəllimlər müzakirə obyektinə çevrilirlər.
Məsələnin digər tərəfi isə belə müəllimlərin həmkarlarına da mənfi təsir göstərməsidir. Bəziləri bunu müasir dövrlə əlaqələndirib normal hesab etsə də, bir çoxları isə müəllimlər üçün standart geyim forması olmasının tərəfdarıdır. Yeri gəlmişkən qeyd edək ki, artıq paytaxtın bir neçə orta ümumtəhsil məktəblərində müəllimlərin vahid geyim forması tətbiq edilir. Bundan başqa, araşdırmalarımız nəticəsində məlum oldu ki, dünyanın müxtəlif ölkələrində də müəllimlər üçün vahid geyim formalarından istifadə olunur.
Nəzərinizə çatdıraq ki, bu məsələ Təhsil Nazirliyinin də diqqət mərkəzindədir. Ötən il nazirlik tərəfindən qəbul edilmiş "Müəllimlərin etik davranış qaydaları"nda da müəllimin geyimi ilə bağlı məsələlər öz əksini tapıb. Məsələnin aktuallığını və ictimaiyyətin narahatlığını nəzərə alıb, mövzu ilə bağlı bir sıra təhsil mütəxəssisinin fikirlərini nəzərinizə çatdırırıq.
Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev deyir ki, orta əsrlərdən başlayaraq, inkişaf edən ölkələrdə, dini və dünyəvi məktəblərdə məktəbli (öyrənən) və müəllim (öyrədən) geyiminin gündəlik, iş, şadlıq, toy, bal-maskarad geyimlərindən fərqli olması diqqətdə dayanıb və reallaşdırılıb.
Geyimə verilən tələblərdə əsas şərt odur ki, geyim şəxsin öyrənən və ya öyrədən olduğunu bildirsin. Geyim ala-bəzək, gözqamaşdıran olmasın, bədəni, hərəkət üzvlərini sıxmasın, canın havadan qidalanmasını məhdudlaşdırmasın.
Məktəbli geyim forması tərbiyəvi mahiyyətdə olduğundan, qorunub saxlanılıb. Amma iqtisadi çətinliklər ucbatından müəllimlər üçün məxsusi geyim forması tələb edilməyib. Tələb edilən bu olub ki, müəllimlər səliqəli geyinməli, görünüşcə, davranışca nümunəvi olmalıdırlar.
Düşünürəm ki, hazırda Azərbaycan Respublikası təhsil nazirinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları" dönmədən yerinə yetirilərsə, normallıq təmin edilə bilər. "Qaydalar"da müəllimin necə geyinməsi tələbləri də öz əksini tapır. Göstərilir ki, müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.
"Xarici görkəminə fikir vermək" o deməkdir ki, kişi müəllimin üzü həmişə təraşlı (tüksüz, saqqalsız), saçı (varsa) daraqlı və səliqəli (çiyninə tökülmüş vəziyyətdə, yaxud uzadılıb düyünlənmiş və s. yox), qadın müəllimin isə üzü təbii görkəmində (ifrat pudralanmış, maskalanmış, gözü rənglənmiş, kiprikləri oxlanmış və s. yox) olmalıdır. "Geyiminə xüsusi fikir vermək" odur ki, kişi müəllim səliqəli, saya köynək geyməli (şit rəngli, əndazəsiz, üzərində yazılar olan köynək yox), qalstuk taxmalıdır. Həmçinin kostyum geyimində də bu tələbi yerinə yetirməlidir.
Qadın müəllim geyimində daha diqqətli olmalıdır. Sinəsi açıq, hədsiz dərəcədə dar və ya gödək, üzəri şəkilli və ya yazılı paltar, o cümlədən şalvar geyməməlidir. Etik, fizioloji ziyandan, ictimai rişxənddən özünü qorumalı, geyimi ilə də tərbiyəvi örnək təsiri göstərməyə çalışmalıdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, əməkdar müəllim Məhəbbət Vəliyevanın sözlərinə görə müəllim bir tərbiyəçi kimi ilk əvvəl xarici görünüşü ilə öz daxili aləmi, mədəniyyəti haqqında rəy formalaşdırmaqla yanaşı, eyni zamanda qarşısındakını da bu yolla tərbiyə edir. Buna görə də müəllimin geyim tərzi onun üçün həm də bir tərbiyə vasitəsidir. Bəs gəlin görək, bu məsələ ilə bağlı vəziyyət necədir? Düşünürəm ki, müəllimləri xarici görünüşünün təsnifatına görə müxtəlif kateqoriyalara bölmək olar.
Birincisi, elə müəllimlərimiz var ki, yaşından, sosial durumundan, həyat və peşə təcrübəsindən asılı olmayaraq onlar istər rəsmi, istərsə də qeyri-rəsmi şəraitdə, hətta küçədə gedərkən belə müəllim olduğu müəyyənləşir. Onların sanki çöhrəsindən, davranışından, danışığından, ədəb-ərkanından və ən başlıcası görünüşündən ziyalı, müəllim təbəqəsinə aid olduğu aydın görünür. Bu kateqoriyaya aid olan müəllimləri "klassik müəllim" kimi səciyyələndirmək olar.
İkinci kateqoriya müəllimlər isə "müasir müəllim" ki, onların bu müasirliyini qələmə verən xarici görünüşlərində dəblə yanaşı gözəl zövq, müxtəliflik, cazibədarlıq nümayiş olunur. Gəlin razılaşaq ki, geyimin münasibliyi və gözəlliyi, müasirliyi yalnız "zövqün gözəlliyi" anlayışı ilə müəyyənləşmir. Bu məsələ özü- özlüyündə xüsusi yanaşma tələb edir və düşünürəm ki, burada zəngin dünya görüşü də rol oynayır. Həmin müəllimlərə baxdıqda Şərqlə Qərbin, keçmişlə müasirliyin vəhdətini görmək olur. Məncə, bu müəllimlər də bir tərbiyəçi kimi şagirdlərdə xüsusi zövq formalaşdırır, həmçinin, xarici görünüşün insanın həyat və fəaliyyətində nə qədər önəmli yer tutduğunu öz şəxsi nümunələrində ifadə edirlər.
Üçüncü kateqoriyaya isə, təəssüf ki, elə müəllimlərimiz daxildir ki, onların xarici görünüşü şagirdlərdə yanlış təsəvvür, zövqsüzlük tərbiyə edir. Bu müəllimlər açıq-saçıq, "təhsil və tərbiyə ocağı" adlanan məktəbə qətiyyən uyğun olmayan geyimləri, aşırı bər-bəzəkləri və davranışları ilə şagirdlərə yanlış və eyni zamanda mənfi təsir göstərir. Bununla yanaşı qeyd edim ki, belə müəllimlər arasında çox səriştəli, peşəsinin vurğunu, yüksək elmi savada malik müəllimlərə də rast gəlmək olar. Belə olan təqdirdə sual oluna bilər: görəsən müəllimlər vahid forma geysələr yaxşıdır, yoxsa hazırkı vəziyyət? Mən vahid formanın tərəfdarı deyiləm. Fikrimcə, məktəb elə bir yaradıcı, canlı orqanizmdir ki, o öz rəngarəngliyi, müxtəlifliyi ilə seçilməlidir. Lakin bununla yanaşı, mən məktəbdə müəyyən çərçivənin olmasının tərəfdarıyam.
Müəllimlərin görünüşündə açıq-saçıqlıq, hədsiz rəngarənglik, yersiz makiyaj, uzun saqqal və sair kimi amillər yolverilməzdir.
ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov deyir ki, müəllimlərin geyimi məsələsi təkcə bizdə deyil, digər ölkələrdə də müzakirə mövzusudur. Mənə elə gəlir ki, müəllimin geyimi ilə bağlı aşağıdakılara xüsusi diqqət göstərmək lazımdır: Birincisi, müəllimlərin geyimi sadəliyi, səliqəliliyi, təmizliyi ilə seçilməlidir. Axı müəllim şagirdin, tələbənin qarşısında, eləcə də cəmiyyətdə diqqət mərkəzindədir. İkincisi, qadın müəllimlər birdəfəlik şalvardan imtina etməlidirlər. Şalvar qadın müəllimlərin qarderobunda olan geyim növü deyildir.
Üçüncüsü, qadın müəllimləri qısa yubkalardan, bər-bəzəkli parçalardan tikilmiş geyimlərdən uzaq olmalıdırlar.
Dördüncüsü, qeyri-adi saç düzümündə, qır-qızıl, bər-bəzəklə məktəbə gəlmək, sinfə daxil olmaq təhsilin keyfiyyətinə mənfi təsir göstərər. Bunlar şagirdlərin diqqətini yayındırır, müəllimin tərbiyəçi siması kölgədə qalır.
Beşincisi, kişi müəllimlər kostyum geyinməli, qalstuk taxmalıdır. Bu, kişi müəllimlərin imici kimi onlara nüfuz və hörmət gətirir.
Beləliklə, kişi müəllimlər də, qadın müəllimlər də müəllim adına yaraşan geyim geyməlidir. Bir suala da cavab axtarmalıyıq. Müəllimlərin vahid forma geymələri onların sosial statusuna, şagirdlərin isə hisslərinə nə dərəcədə təsir edə bilər? Tarix boyu əsl müəllimlər müəllim adına yaraşan geyimlə məktəbə gəliblər. Ancaq vahid formanın olması müəllimlər arasındakı silki fərqlərin aradan qaldırılmasına da müsbət təsir göstərə bilər. Bundan başqa, müəllimlər vahid geyimdə olsa, şagirdlər müəllimin biliyinə daha düzgün yanaşar, onların biliyi daha üstün mövqeyə keçər.
Şagirdlər müəllimləri necə görmək istəyir?
Bu çox aktual sualdır və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün vacib amildir. Mövzu ilə bağlı psixoloqlar tərəfindən şagirdlər arasında sorğular aparılıb. Sorğuda şagirdlərə "Müəllimlərlə ilk görüşdə siz nəyə çox fikir verirsiz" sualı ünvanlanıb. Cavablarda ən çox "geyiminə", "saç düzülüşünə", "xasiyyətinə" öz əksini tapıb. Gördüyünüz kimi, şagirdlər müəllimin daha çox xarici görünüşünə fikir verirlər və öz geyimlərində bunu əks etdirməyə çalışırlar. Bu baxımdan müəllim öz xarici görünüşü ilə öz şəxsiyyətinə, fənninə və onun incəliklərinə maraq yarada bilər. Əks halda isə yəni açıq-saçıq geyimlər və cəlbedici aksessuarlarla şagirdlərin qarşısına çıxarsa onların diqqəti tezliklə yayınar və dərsə qarşı maraq azalar.
Bundan başqa, müəllim təkcə geyiminə deyil, həmçinin səliqəyə və təmizliyə də xüsusi fikir verməlidir. Bu kimi hallar şagird şəxsiyyətinin formalaşmasında çox mühüm rol oynayır. Onların gələcəkdə bir şəxsiyyət kimi cəmiyyətdə yer tutmasına müsbət təsir edir. (“Azərbaycan” qəzeti)