Bölmə:Xəbərlər Müsahibələr 1038 dəfə oxunub
Salam, əziz oxucular! Bu dəfə Xaricdə təhsillə bağlı olan bir mövzuya toxunacam. Xaricdə təhsil almaq üçün Avropa İttifaqının Erasmus Mundus adlı proqramından da istifadə edə bilərsiniz. Azərbaycanda bu proqram haqqında çox az məlumat almaq olur. Təəssüflər olsun ki, bəzi universitetlər (məs. BDU) öz tələbələrinə bu proqram haqqında kiçicik də olsa məlumat vermir və tələbələr bəzən təhsilini bitirdikdən sonra proqramın mövcud olduğunu öyrədirlər. Universitetlərdə çalışan şəxslərin dəqiq olaraq işlərinə belə laqeyd yanaşmalarının səbəbini deyə bilmərəm, amma yəqin bu problemə də toxunmaq lazım gələcək. Bu gün müsahibim Erasmus Proqramı ilə Portuqaliyadaoxumağa yollanan Vahid Məsimovdur.
-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.
-Salam! Adım Vahid Məsimovdur, 24 yaşım var. Mingəçevirdə doğulub boya-başa çatmışam, bakalavr təhsilimi Mingəçevir Politexnik İnstitutunda “İqtisadiyyat və idarəetmə fakültəsi” üzrə fərqlənmə diplomu ilə bitirmişəm. Magistr təhsilimi isə Qafqaz Universitetində “Dövlət strukturlarında menecment” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşam. Eyni zamanda ölkəmizdə fəaliyyət göstərən beynəlxalq banklardan birində işləyirdim. Həmçinin, 4 ildir bloqer kimi fəaliyyət göstərirəm. Amerika Səfirliyi, Sülh Korpusu, BMT-nin bir sıra yerli və beynəlxalq təlimlərində, layihələrinin təşkilatçısı və iştirakçısı olmuşam. Üzgüçülük və qaçış ən sevimli məşğuliyyətlərimdəndir.
İndi isə Erasmus-un nə olduğunu, bu haqda necə öyrəndiyinizi, hansı tələblərə uyğun olmaq lazımdır (hər hansı linklər varsa) haqqında oxucularımızla paylaşın.
-Erasmus Mundus Avropada, o cümlədən Avropa tərəfdaşı olan ölkələrdə ali təhsil keyifiyyətini inkişaf etdirmək məqsədilə, universitetlər arasında, həmçinin ölkələrarası işbirliyini formalaşdıran tələbə mübadiləsi proqramıdır. Cəmi 31 ölkənin daxil olduğu bu proqrama Azərbaycan da qoşulub. Azərbaycanda Erasmus Mundusun İnfinity, Alrakis, Alrakis2, Backis, Humeria və s. kimi növləri var.
Erasmus barədə hələ bakalavr təhsili alarkən məlumatım var idi. Aşağıdakı linklər maraqlanan dostlar üçün faydalı ola bilər:
Stipendiyalar — http://bit.ly/1K2JlDW
İnfinity- http://bit.ly/1K1t1il
Backis — http://bit.ly/1UxdO3I
Tələblərə uyğun olmaq məsələsinə gəldikdə isə bu ilk öncə təhsil alacağınız dərəcədən (bakalavr, magistr) asılı olaraq dəyişir. Ümumilikdə bütün dərəcələr üzrə tələb olunan sənədlər sırasına CV, motivasiya məktubu (istək məktubu), iki tövsiyyə məktubu, dil sertifikatı (İELTS, TOEFL), qiymətlər barədə arayış, diplom, oxuyacağın dərslərin seçilməsini təsdiq edən sənəd, ERASMUS şərtlərini təsdiq etdiyin barədə imzalanan “Declaration of honour” daxildir.
— Təhsilinizi hansı ölkədə davam etdirəcəksiniz?
-Təhsilimi, inşallah, Portuqaliyanın Leyria şəhərində yerləşən, Polytechnic Institute of Leiria-da magistr pilləsi üzrə davam etdirəcəm.
-Hansı ixtisası və nə üçün bu ixtisası və universiteti seçmisiniz?
İxtisasım “Marketinq və Beynəlxalq biznes” olacaq. İxtisası və universiteti seçməkdə əsas məqsədim marketinq sahəsinə olan marağımdan irəli gəlir. Bank sahəsində çalışdığım müddət ərzində də marketinqə yaxın bir departamentdə çalışmışam və hər zaman marketinq mənim üçün cəlbedici olub. Düşünürəm ki, marketinq üzrə alacağım təhsil gələcəkdə karyerama da da faydalı olacaq
— Tədris hansı dildə aparılacaq və hansı müddətə oxumağa gedirsiniz?
— Tədris ingilis dilində aparılacaq. Proqramın davam etmə müddəti isə 22 aydır.
— Erasmus-un üstünlükləri nələrdir? Sizcə nəyə görə Erasmus-u seçməyə dəyər?
— Erasmus ən başlıca üstünlükləri sırasına tələbələri mübadilə etməsidir. Belə olduqda təhsilllə bərabər fərqli mədəniyyət, dünya görüşü, həyat tərzi ilə tanış olmağa imkan verir. Həmçinin təbii ki, maliyyə xərclərini də öz üzərinə götürür, uğur qazanan tələbələrə təqaüd verir. Erasmus tələbələrin özlərini, ölkələrini, mədəniyyətlərini tanıtmaq və qarşılıqlı fərqli insanlar arasında olmaq baxımından bu proqramı seçməyə dəyər.
— Proqramda oxuduğunuz müddətdə harada qalacaq və qidalanacaqsınız? Bu xərcləri hansı tərəf ödəyir?
Xərcləri Avropa İttifaqı ödəyir. Qidalanma və qalmaq üçün aylıq 1000 avro təqaüd verilir. Qalacaq yer və qidalanma isə müstəqil olaraq tələbəyə həvalə edilir. Mən universitetə yaxın olan kampusda qalacam.
— Oxuculara son olaraq nə tövsiyə edə bilərsiniz?
Unutmayaq ki, təhsil gələcəyə yatırdığımız sərmayədir, bu investisiyanı nə qədər uğurlu və riskləri nəzərə almaqla etsək, gələcəkdə daha çox səmərəsini görəcəyik. Hər zaman hədəflərinizə doğru irəliləməyə davam edin. Bir məqsədiniz reallaşmırsa, bu o demək deyil ki, həmin məqsəddən imtina etmək lazımdır. Əgər bir şey bütünlüklə əldə edilmirsə, tamamilə də ondan vaz keçmək olmaz. Hər birinizə gələcək təhsilinizidə, həyatınızda və karyeranızda uğurlar!
— Dolğun müsahibəyə görə təşəkkürlər! Təhsilinizdə sizə uğurlar!