9-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisi | Təhsil Elanları
9-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
Bölmə:Təqdimat və Sərgilər 1975 dəfə oxunub
04.10.2015

9 oktyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunan 9-cu Azərbaycan Beynəlxalq Təhsil sərgisi öz işinə başlayacaq. Ənənəvi olaraq, “Təhsil” sərgisi “Karyera” sərgisi ilə eyni vaxtda keçirilir və həm öz miqyasına, həm də tərkibinə görə Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbir hesab olunur. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Bu il “Təhsil” sərgisində Azərbaycan, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər. Sərgidə Azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın milli stendlərində təqdim olunacaq. Onu da qeyd etmək lazımdır ki, Latviya və ABŞ bu sərginin debütantlarıdır. Sərginin daha bir debütantı isə “Lüblində təhsil al” (“Study in Lublin”) təşkilatıdır. Təşkilat Lüblində (Polşa) ödənişli və şəhər təqaüdü əsasında təhsil imkanlarının geniş spektrini təqdim edir. Sərgidə ilk dəfə iştirak edəcək xarici ali təhsil müəssisələri arasında İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Kazan Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, Akademik S. P. Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu, “МИСиС” Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, N. P. Oqarev adına Mordoviya Dövlət Milli Elmi-Tədqiqat Universiteti, Polşa Avroregional İqtisadiyyat Universiteti və digər təhsil müəssisələri yer alır.

Azərbaycanı təmsil edən təhsil müəssisələrinin də sayı artmaqdadır, belə ki, artıq sərgi iştirakçılarının siyahısında Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Gəncə Dövlət Universiteti, “CELT Colleges”, “F-Group Academy” və ölkənin bir sıra digər təhsil müəssisələri var. Sərgidə hər il fəal iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin stendində isə nazirliyin yaxın illər üçün plan və proqramları barədə informasiya təqdim olunacaq.

“Təhsil” sərgisi çərçivəsində gənclər üçün nəzərdə tutulmuş bir sıra layihələr təqdim olunacaq, belə ki, “Gələcəyini qur!” layihəsi ardıcıl olaraq ikinci ildir ki sərgidə iştirak edir. Gənclərə təhsil sahəsində dəstək göstərən “Gələcəyini qur!” layihəsinin sponsorlarından biri də “Iteca Caspian” şirkətidir. Layihənin məqsədi aztəminatlı ailələrdən yüksək bilik və bacarıqlara malik olan şagirdlərə ölkənin ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq üçün dəstək vermək və onlara kömək etməkdir. Sərgidə təqdim olunacaq daha bir layihə isə Azərbaycan Texnologiya Universitetinin Azərbaycan “Keyfiyyət assosiasiyası” və “Caspian Event Organisers” şirkətinin müştərək işi olan “Müştəri yönümlü proqram” layihəsidir. Bundan başqa, sərginin ilk iş günü “Ultra Technologies” şirkəti təhsil prosesi üçün yeni İT texnologiyalar haqqında seminar-təqdimat təşkil edəcək.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər xüsusunda onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malik olacaqlar. Sərgidə “Lukas-Nuelle”, “Sinam” və “ITE - Innovative Technologies in Education” şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlıqları, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər nümayiş olunacaq.

Beləliklə, sərgi bir daha təhsil sahəsində çoxsaylı seçim imkanları təklif edən unikal platformaya çevriləcək. “Təhsil” sərgisinə giriş yalnız 9-11-ci sinif şagirdləri, eləcə də onların valideynləri, habelə abituriyentlər, tələbələr, məktəb direktorları, universitetlərin rektorları, təsərrüfat işləri üzrə prorektorlar və təhsil sahəsinin digər peşəkarları üçün açıq olacaq.

Artıq sərginin veb-saytında (http://eduexpo.az/2015/) ekspress-qeydiyyat fəaliyyət göstərir. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri metronun “Koroğlu” stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq. Sərgi öz işini oktyabr ayının 11-nə kimi davam etdirəcək.