Beynəlxalq Karyera sərgisi - İş axtaranlar üçün | Təhsil Elanları
Beynəlxalq Karyera sərgisi - İş axtaranlar üçün
Bölmə:Təqdimat və Sərgilər 2627 dəfə oxunub
04.10.2015

9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisi

9-11 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisi keçiriləcək. Sözügedən sərgi həm birbaşa məşğulluq baxımından, həm də “rekrutinq” (personalın seçilməsi və qiymətləndirilməsi) üzrə mütəxəssislərlə peşəkar ünsiyyət üçün imkan yaradan ixtisaslaşmış unikal platformadır. “Karyera” sərgisi Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və bu fakt tədbirin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Bu il  “Azercell”, “Azersu”, "Azersun Holdinq", “Formula1 Bakı Avropa Gran Prisi”, “Gilan Holding”, Bakı Metropoliteni, “Halliburton” (ABŞ), ARDNŞ, ARDNŞ Polymer və digər şirkətlərdən ibarət olan sərgi iştirakçıları neft-qaz, telekommunikasiya, nəqliyyat, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahələri üzrə vakansiyalar təklif edəcəklər. Bundan başqa, “Formula1 Bakı Avropa Gran Prisi” layihəsinin Təşkilat komitəsi də sərgidə öz vakansiyalarını təqdim etməklə yanaşı, 2016-cı ildə Bakıda təşkil olunacaq “Formula-1” (F1) üzrə Avropa Qran-pri avtomobil yarışı üçün könüllülərin cəlb olunmasını həyata keçirəcək.

Ümumilikdə, sərgi çərçivəsində iş axtaranları mühasib, ofis meneceri, İT mütəxəssisi, auditor, maliyyə analitiki, kadrlar üzrə menecer, çağırış mərkəzinin əməkdaşı, energetika mühəndisi, elektrik, mexanik, avtomatika mütəxəssisi və bir sıra digər ixtisaslar üzrə vakansiyalar gözləyir. Ziyarətçilər sərgidə məşğulluq üzrə konsultasiya almaq, anket doldurmaq və hətta sərgidə təmsil olunan şirkətlərin kadrlar şöbəsi əməkdaşlarının iştirakı ilə ilkin müsahibədən keçmək imkanına malik olacaqlar. Bundan başqa, “Gilan Holding” şirkəti  tərcümeyi-halların düzgün doldurulması və arzu olunan vəzifəni tutmaq üçün müsahibədə lazımı qaydada iştirak etməyin yolları barədə seminar təşkil edəcək.

“Karyera” sərgisinə giriş iş axtaran hər bir kəs üçün açıqdır. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri “Koroğlu” metro stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz və müntəzəm qrafik əsasında) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq. Sərgi öz işini oktyabr ayının 11-nə kimi  davam etdirəcək.