Fəlsəfə Akademiyası yeni tədris mövsümünə hazırdır | Təhsil Elanları
Fəlsəfə Akademiyası yeni tədris mövsümünə hazırdır
Bölmə:Xəbərlər Müsahibələr 1389 dəfə oxunub
22.09.2015

Tehsil.im saytının budəfəki müsahibi “Fəlsəfə Akademiyası” Gənclər Təşkilatının sədri Emin Abbasovdur. Bu Təşkilatı Universitet tələbələri yaxşı tanıyır. Müxtəlif universtetlərdə təlimlər, mühazirələr, müzakirələr və layihələr keçirərək tələbələri fəlsəfi maarifləndirməyə çalışan Fəlsəfə Akademiyasının bu ilki fəaliyəti ilə bağlı suallarımızı Emin bəyə ünvanladıq:

Yeni təhsil mövsümünə hazırsınızmı? Bu il sizin təlimçilərdən nələri gözləyək?

Maarifləndirməyə həmişə hazırıq. İşimiz zatən budur. Bu il mahiyyətcə yeni layihələrimiz olacaq. Hazırlıq prosesi gedir, yaxın zamanda ictimaiyyətə təqdim edəcəyik.

Bu il nə yeniliklər gözlənilir? Layihələr haqqında ümumi məlumat verə bilərsinizmi?

Elmi ağırlıqlı layihələrə üstünlük verəcəyik. Tələbə bazamızın imkanları buna yol verir. Artıq neçə il öncə sıralarımıza qatılmış tələbələr bakalavr məzunu olub, magistratura tələbəsidirlər. Bundan əlavə elmlə ciddi maraqlanan üzvlərimizin sayı kifayət qədərdir. Onların arasında magistrlar, doktorantlar xüsusi paya malikdir. Bütün bunlar o deməkdir ki, Fəlsəfə Akademiyası da keyfiyyətcə böyüyür, yeni mərhələyə keçir.

Bakı Dövlət Universitetində və İdarəetmə Akademiyasında “Fəlsəfə Məktəbi” Layihəniz olmuşdu. Yenidən gözlənilirmi?

Növbəti aylarda Fəlsəfə Məktəbi – III olacaq. Hansı Universitetdə olacağı və təlimçilər sirr olaraq qalsın. Bu bizim çox uğurlu layihəmizdir. Ona daima tələbat var. Tələbələr bizim təqdimatımızda fəlsəfə öyrənməyə maraqlıdırlar.

Layihə iştirakçıları sizin və təlimçilərinizin pedaqoji keyfiyyətlərinizi çox bəyənirlər. Bu maraqlarının səbəbi nədir?

Biz onlarda  ağır, çətin elm obrazı yaratmış fəlsəfəni onların eşitmək istədikləri tərzdə izah edirik. İçtirakçılarla birlikdə real nümunələrlə diskussiya aparırıq. Fəlsəfə öyrətmək o deyil ki, sadə fikri qəliz çatdırasan, əsas olanı qəliz fikri sadə dildə incələməlisən. Bu layihənin dərs prosesi çox maraqlı keçir. Özümüz də zövq alırıq bu işdən. Bilirsiz, gərək işini sevəsən. Biz bu işi sevirik. Özümüzə böyük zövq verir Fəlsəfə Məktəbi. Hansısa bir işi "etdik" deyə bilmək üçün etmirik. Statistika üçün görülən işin heç bir mənası yoxdur. İşə gərək can qoyasan, diqqəti ancaq ona ayırasan.

Bu dörd ildə Fəlsəfə Akademiyası haradan haraya gedib?

Bilirsiz, hər şeyin öz qanunauyğun inkişafı var. Heç nəyi süni sürətləndirmək və ya ləngitmək olmaz. Yoxsa qurduğun sistem dağılar. Fəlsəfə Akademiyasını cəmiyyət -  tələbələr özləri haradansa harayasa aparırlar. Bu onların maraqlarından asılıdır. Amma nəzər yetirdikdə irəliləməni görmək mümkündür. Artıq elmlə daha ciddi maraqlanan tələbələr bizimlə əlaqə saxlayırlar. Keyfiyyət artır. Sözsüz ki, bunda son illər ölkədə gənclərin elmlə maraqlanmaqları üçün yaradılan şəraitin də təsiri vardır. Amma əsas odur ki, məhsuldar nəticələr var. Artıq Fəlsəfə Akademiyası ölkədən kənarda beynəlxalq universitetlərlə əməkdaşlıq edir. Xarici universitetlərin tələbələri bizə məqalələr göndərirlər, araşdırmalarının nəticələrini bölüşürlər, diskurslar olur. Yaxın zamanda beynəlxalq bir layihəmiz də start götürəcəkdir.

Suallarımızı cavablandırdığınız üçün təşəkkürümü bildirirəm. Sizə və Akademiyaya uğurlar arzu edirik.

Mən də sizə təşəkkür edirəm. Necə deyərlər, fəlsəfə auditoriyasında sizi də gözləyəcəyik… (gülür)

 

 Tehsil.im