Bölmə:Xəbərlər 419 dəfə oxunub
Salam, hər vaxtınız xeyir olsun! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» (DP) çərçivəsində müsahibə mərhələsinə necə hazırlaşmaq barəsində yazmışdım, indi isə vaxt gəlib çatdı DP-dən uğurla keçən ikinci tələbə ilə müsahibə etməyə. Birincini yazı çox populyar olduğu üçün digər uğurlu tələbələrdən də müsahibə almağı qərar verdim. Buyurun, tanış olun, bu gün müsahibəmin qonağı Nyukasl Universitetinin tələbəsi Orxan Hüseynbəylidir.
-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.
Salam, adım Orxan Hüseynbəylidir, 20 yaşım var, Bakıda böyüyüb başa çatmışam. 2012-ci ildə 210 nömrəli orta məktəbi bitirmişəm, daha sonra dövlət difarişi əsasında ADİU-nun “maliyyə” fakültəsinə daxil olmuşam. 2 ili yüksək nəticə ilə bitirib İngiltərənin 4 Universitetinə qəbul aldım və hal-hazırda DP ilə təhsilimi Nyukaslda “Economics and Finance” ixtisasında təhsilimi davam etdirirəm. Akademik nailiyyətlərdən də başqa müəyyən çərçivə daxilində sosial aktivliyi xoşluyuram, kifayət qədər hobbim də var, amma təbii ki, futbol onlar arasında birinci pillədədir. Hətta 15 yaşımda professional futbolla da məşğul olmağa başlamışdım ancaq dərslər imkan vermədi davam etdirməyə. Bəlkə də, dərslərimi nəzərə alan atam imkan vermədi.
— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?
Təbii ki, İngiltərə, ABŞ və Kanada prioritet idi. Ancaq, həm təhsilin beşiyi sayılan İngiltərədə oxumaq, həm də futbolun vətənini görmək və orada yaşamaq məni cəlb etdi və həmişəki kimi məqsədimi müəyyənləşdirib ona nail oldum. Bir tərəfdən də ən yaxın dostum Nyukaslda oxuyurdu və onunla söhbət məni çox motivasiya edirdi.
— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?
İxtisas kifayət qədər potensiallı və maraqlıdır. Maliyyə özü bir sahə kimi mühasibatlıqdan tutmuş, qiymətli kağızlar, vergi, sığorta və bank kimi mühim sahələri əhatə eliyir. Ancaq bununla yanaşı maliyyə də özü İqtisadiyyatın bir qoludur, ona görə də İqtisadiyyatda olub bitənləri bilsəm daha güclü maliyyəçi ola bilərəm deyə düşünürəm. Universitetə gəldikdə isə Nyukasl Universiteti İngiltərədə tələbə həyatı üzrə birinci yerdədir və özü də TOP universitetlər siyahısına daxildir. Dünya üzrə də qabaqcıl universitetlərdəndir. Həm də Nyukasl 24 universiteti tədqiqat üzrə birləşdirən və “excellence” keyfiyyətini bildirən Rassel (Russell) Qrupunun üzvüdür.
— Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?
Müsahibə qaydalara uyğun olaraq 3 şəxs tərəfindən götürülür və həmin şəxslər İqtisadiyyat sahəsində çalışırdı. Ancaq, qaydalara uyğun olaraq bu şəxslər haqqında məlumat verə bilmərəm. Müsahibə isə Azərbaycan və İngilis dilində oldu. Başlıqda özüm haqda informasiya və bu kimi suallar öz dilimizdə oldu və sonradan ixtisas suallarına keçildi. İxtisas sualları yalnız ingilis dilində oldu. Təbii ki, ADİU-da Azərbaycanca təhsil aldığım üçün ixtisas suallarına ingiliscə cavab verərkən bəzi terminləri tapmaqda çətinlik çəksəm də, müsahibə götürənlərə öz biliyimi nümayiş etdirə bildim. Əvvəlcə çox sadə suallardan başlayırlar daha sonra isə müəyyən qədər düşündürücü və bilik tələb edən suallar verirlər. Məsələn, mənə ilk sual “inflyasiya” haqqında oldu, sonra Beynəlxalq Valyuta Fondu və Dünya Bankından suallar gəldi. Azərbaycanın onlarla əlaqəsi, üzvüdürmü və elədirsə niyə. BMT və TRACECA-dan da suallar verdilər, yarandığı illər və məqsədləri, Azərbaycanla əlaqəsi və s. Sonra görkəmli iqtisadçıların adını, nəzəriyyələrinin nədən bəhs etdiklərini və kitabları haqqında soruşdular. Karl Marks, Adam Smit, Engels, Con Neş və nəzəriyyələrinin mahiyyəti haqda kifayət qədər soruşdular. Ən sevdiyim fənni soruşandan sonra isə Riyaziyyatdan heç də asan olmayan suallarla davam etdilər. Törəmə, İnteqral, Taylordan fundamental suallar verdilər və ümumi müsahibə beləcə azı 20 dəqiqə çəkdi. İxtisasdan əlavə isə ənənəvi olaraq nə üçün bu universitet, ixtisas və məni seçməklərini soruşdular. Müsahibəni 3 nəfər götürdüyü üçün orda insan biraz sıxılır ancaq bu çox normaldı. Əsas odurki, təmkin və səbrlə bildiklərini deyəsən. Təbii ki, soyuqqanlılıq şərtdir. Ancaq, elə qorxulu bir şey olduğunu deməzdim.
— Müsahibənin cavabı nə vaxt bəlli olur? Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.
Təxmini 1 ay çəkdi cavablar ancaq gözləməyə dəyərdi. Müsahibəyə hazırlaşarkən fundamental bilikləri xaricdə alacaqları təhsil dilində internetdə araşdırmaları və müəyyən terminlərlə həmin dildə tanış olmağı unutmasınlar (bu vacibdir). Hər şey insanın özündən asılıdır və inanıram ki, verdiyim məlumat kimlərinsə uğuru üçün bir motivasiya olar.
— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək təhsilinizdə sizə uğurlar!
Çox sağolun və sizin də belə bir layihə ilə namizədlərə yardım etməyiniz təqdirə layiqdir. Uğurlar!