Abituriyentlərin imtahan nəticələrinə dair statistik məlumat | Təhsil Elanları
Abituriyentlərin imtahan nəticələrinə dair statistik məlumat
Bölmə:Tələbə qəbulu 565 dəfə oxunub
29.05.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 17-də (II və III ixtisas qrupları üzrə) və 24-də (I və IV istisas qrupları üzrə) ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirmişdir. Bu imtahanlarda ümumilikdə 29004 abituriyent iştirak etmişdir.

İmtahanda abituriyentlərə təqdim olunmuş test tapşırıqları ümumtəhsil məktəblərində istifadə olunan tədris proqramlarına və dərsliklərə tamamilə uyğun olmuşdur. İmtahandan əvvəl qapalı rejimdə, imtahan başa çatdıqdan sonra isə müstəqil ekspertiza bunu bir daha təsdiq etmiş, suallarda hər hansı elmi, texniki xəta olmamışdır.

Qeyd edək ki, ilkin müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qruplarında (ödənişli əsaslarla olan ixtisaslar üzrə) müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılırlar.

Əvvəlki illərin məzunu olan abituriyentlərin imtahan nəticələrini qruplar üzrə təhlilini təqdim edirik.

I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak etmiş, onlardan cəmi 963 nəfəri (8.11 faizi) 200 və daha yüksək bal toplamışlar. Beləliklə, 10911 nəfər 0-200 bal intervalında nəticə əldə etmişdir ki, bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və və maksimal nəticə 647 baldır.

II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak etmişdir. Bu qrupda imtahanda iştirak edənlərin 1117 nəfəri (15.46 faizi) 200 və daha yüksək bal toplamış, 6107 nəfər 0-200 bal intervalında nəticə əldə etmişdir ki, bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olmuşdur.

III ixtisas qrupu üzrə imtahanda 7812 nəfər iştirak etmişdir. İştirakçıların 1934 nəfəri (24.76 faizi) 200 və daha yüksək bal toplamışlar. Beləliklə, 5878 nəfər 0-200 bal intervalında nəticə əldə etmişdir ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.

IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak etmiş, onların cəmi 235 nəfəri (11.22 faizi) 200 və daha yüksək bal toplamışlar. Beləliklə, 1859 nəfər 0-200 bal intervalında nəticə əldə etmişdir ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.