SOCAR 135 tələbəni təqaüdlə təmin edəcək | Təhsil Elanları
SOCAR 135 tələbəni təqaüdlə təmin edəcək
Bölmə:Xəbərlər 797 dəfə oxunub
26.05.2015

Bu barədə SOCAR-ın Daxili Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclasında məlumat verilib

2014/2015-ci tədris ili üzrə 135 tələbə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təqaüdçüsü seçilib.

Şirkətin mətbuat xidmətindən Tehsil.im-ə bildirilib ki, bu barədə mayın 26-da SOCAR-ın Daxili Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclasında məlumat verilib. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib ki, şirkət istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir.

Qeyd edilib ki, bu il fevralın 2-də 2014-2015-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla ölkənin ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edilib, müsabiqədə 25 ali məktəbin bakalavr pilləsinin I-IV və magistratura pilləsinin I-II kurs tələbələri iştirak ediblər. SOCAR-ın təqaüdünü almaq üçün müraciət edən 2 min 628 tələbədən 2 min 181 nəfəri müsabiqədə iştirak hüququ qazanıb, onlardan 1726-sı test imtahanında iştirak edib. Aprelin 19-da keçirilən imtahanda ixtisas qrupları üzrə müvafiq keçid balını toplayan 256 nəfər namizəd Daxili Təqaüd Proqramının 2-ci mərhələsinə - müsahibəyə vəsiqə qazanıb. Mayın 4-18-də SOCAR-ın mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibələr keçirilib.

Bildirilib ki, müsabiqənin şərtlərinə əsasən hər kurs üzrə 4 baldan yuxarı qiymət toplayan ilk 40 nəfər təqaüdçü seçilir. Daha sonra iclasda keçirilən müsahibənin nəticələri nəzərdən keçirilib və qeyd olunan şərtə cavab verən 135 namizəd təqaüdçü seçilib. Onlardan 55 nəfəri qaz-neft-mədən, 20 nəfəri kimya-texnologiya, 17 nəfəri geologiya-kəşfiyyat, 13 nəfəri energetika, 9 nəfəri avtomatika və İKT, 7 nəfəri tikinti, 6 nəfəri mexanika, 5 nəfəri ekologiya, 3 nəfər isə iqtisadiyyat ixtisas qruplarından seçilib. Qeyd edilib ki, bu il SOCAR-ın təqaüdünü almaq üçün müraciət edənlər daha çox Azərbaycan Dövlət Neft Akademiyası, İqtisad Universiteti və Bakı Dövlət Universitetinin tələbələri olub.

X.Məmmədov qeyd edib ki, cari ildə daha çox tələbə SOCAR-ın təqaüdçüsü adını qazana bilərdi. Belə ki, şirkətin əsasnaməsinə uyğun olaraq hər kurs üzrə 40 nəfər seçilməli və 240 nəfər kvotanı tamamlamalı idi. Amma tələbələrin Müsabiqə Komissiya qarşısında fikirlərini sərbəst ifadə etməkdə çətinlik çəkmələri səbəbindən göstəricilər gözləniləndən aşağı olub. Bununla belə, cari ildə əvvəlki illərlə müqayisədə müsabiqəyə müraciət edən tələbələr SOCAR haqqında daha çox informasıyaya malikdirlər ki, bu da müsbət qiymətləndirilib.