Ölkədə işsiz gənc qalmayacaq | Təhsil Elanları
Ölkədə işsiz gənc qalmayacaq
Bölmə:Xəbərlər 2389 dəfə oxunub
23.05.2015

Hökumət işsiz qalan gənc həkim, hüquqşünas və iqtisadçıların vəziyyəti barədə düşünür

İndi ixtisas üzrə iş tapmadığına görə illərlə işsiz qalan gənc çoxdur. Həkim, hüquqşünas, iqtisadçı kimi ixtisaslar almış bu gənclər əmək bazarının tələbinə uyğunlaşa bilmir və uzun illər ailənin digər üzvlərinin əlinə baxmalı olurlar. 

ANS PRESS-in araşdırmasına görə, yaxın zamanlarda hökumətin gerçəkləşdirmək istədiyi layihə bu cür gənclərin sayını xeyli azalda bilər. Hakimiyyətin iqtisadi bloku ölkədə işsizlik fondunun yaradılmasına maraqlıdır. Bu barədə ilk dəfə məlumat verən millət vəkili, parlamentin iqtisadi siyasət komitəsinin rəhbəri Ziyad Səmədzadə bildirib ki, əmək qanunvericiliyində müəyyən boşluqlar hələ də qalmaqdadır. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda rəsmi işsizlik göstəricisi aşağı olsa da, problemin gərginləşməməsi üçün ondan sığortalanmaq lazımdır və işsizlik fondunun yaradılması bu məsələdə böyük dəstək verə bilər. 

Amma bununla yanaşı, əmək bazarında ciddi problemlər var və təhsil sisteminin təqdim etdiyi mütəxəssis təklif əmək bazarının tələblərinə uyğun gəlmir. Ölkənin daha çox elektrotexnika, kipavtomatika, informasiya texnikası mütəxəssislərinə ehtiyacı olduğu halda ali təhsil sektoru lazım olandan çox həkimlər, hüquqşünaslar, iqtisadçılar, humanitar sahə mütəxəssisləri hazırlamaqda davam edir. İşsizlik fondlarının fəaliyyəti bu məsələnin də həlinə yardım edə bilər. 

Düzdür, hökumət dairələrində məsələnin necə həll edilməsi barədə hələ dəqiq məlumat yoxdur. Real prosedurlara görə, məsələ ilə Dövlət Məşğulluq Xidməti məşğul olur - işsizlik müavinətləri verir, iş yerlərindən vakansiyaları müəyyən edir, əmək yarmarkaları keçiririr və s. 

Amma bir sıra MDB ölkələrində yaradılmış işsizlik fondları həm də gənclər üçün peşə kurslarının təşkili, işsizlər üçün sahibkarlıq fəaliyyətinin təşkili, işsizlərin ixtisasının dəyişdirilməsi üçün kursların təşkil edilməsi, ictimai və ya müvəqqəti işlərin təşkili, işədüzəltmə ilə bağlı informasiya və konsultasiya xidmətlərinin təşkili ilə də məşğul olur. MDB ölkələrindən Ukraynada işsizlik fondu yarandıqdan sonra ölkədəki real işsizlik səviyyəsi də müəyyən edilib. Rəsmi statistikaya görə, ölkədə 1,8 milyon işsiz olduğu halda, işsizlik fondu real rəqəmin 5 milyon olduğunu ortaya çıxarıb. 

İqtisadçı alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun ANS PRESS-ə bildirdiyinə görə, bunu sorğu nəticəsində əldə ediblər: “Ukraynada ailə təsərrüfatlarında sorğu apararaq ailə üzvlərinin işə olan ehtiyacı müəyyən edilib. Sonra həmin məlumat dövlət statistika xidmətinə ötürülüb ki, real vəziyyəti müəyyən edə bilsinlər”. 

Onun sözlərinə görə, əksər Şərqi Avropa ölkələrindən işsizlik fondlarının apardığı araşdırma nətiəcəsində real işsizlik səviyyəsinin iki dəfə yüksək olduğu ortaya çıxıb: “Bizdə real vəziyyətin necə olacağını da yalnız sorğu ilə müəyyən eləmək olar”.

Vüqar Bayramovun fikrincə, yuxarıda sadalanan işləri görmək üçün heç də yeni fond yaratmağa ehtiyac yoxdur: “Qərbdə bu işləri əsasən dövlət məşğulluq xidməti görür. Yəni həm gəncləri işlə təmin etməkdə yardım edir, həm də nisbətən yaşlı adamlar üçün ixtisas dəyişmə kurslarını təşkil edir. Ölkədə real işsizlik səviyyəsini də məşğulluq xidməti sorğu vasitəsi ilə özü müəyyən edir”. 

İSİM rəhbərinin fikrincə, Azərbaycanda da bu işi Dövlət Məşğulluq Xidmətinə həvalə etmək lazımdır. “Dövlət Məşğulluq Xidmətinin yetərincə inkişaf etmiş strukturu var. Fond peşə kurslarını təşkil etməklə yanaşı, sorğu nəticəsində real işsizlik səviyyəsini və bazarda hansı peşələrə nə səviyyədə tələbin olduğunu da müəyyən edə bilər. Əldə edilən nəticələr Təhsil Nazirliyinə də verilməlidir ki, ali təhsil planı bazarına tələbinə uyğun gəlsin”,- deyə Vüqar Bayramov vurğulayır.