Dövlət qulluğuna qəbulla bağlı test imtahanları başlayır | Təhsil Elanları
Dövlət qulluğuna qəbulla bağlı test imtahanları başlayır
Bölmə:Dövlət qulluğu 1300 dəfə oxunub
18.05.2015

2015-ci il aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 31 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 212 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması mayın 14-də başa çatmışdır. 

Müsabiqə üzrə 2849 namizəd qeydiyyatdan keçmişdir.

Ən çox namizəd qeydə alınan dövlət orqanları Kənd Təsərrüfatı Nazirliyi (956 nəfər), Dövlət Statistika Komitəsi (588 nəfər), Gənclər və İdman Nazirliyi (287 nəfər), Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi (229 nəfər) və Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (108 nəfər) olmuşdur.
Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi üzrə (2 vakant yerə ortalama 229 nəfər) qeydə alınmışdır.
Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsi 22 may 2015-ci il tarixdən ilk olaraq Kənd Təsərrüfatı Nazirliyi üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 6-7-ci təsnifatı üzrə nəzərdə tutulmuşdur. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilmişdir. 
Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcəkdir.
Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) ətraflı tanış ola bilərlər.
Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaqdır:
1. Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı. 
Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilmişdir.