Bakıda 1500 müəllimin biliyi yenidən yoxlanılır | Təhsil Elanları
Bakıda 1500 müəllimin biliyi yenidən yoxlanılır
Bölmə:Təhsil Nazirliyi 736 dəfə oxunub
16.04.2015

Təhsil Nazirliyi son günlər Baklı məktəblərində müəllimlərin imtahanlara cəlb edilməsi və biliklərinin yenidən yoxlanılması ilə bağlı yaranan narazılıqlara aydınlıq gətirib.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, nazirlik tərəfindən Bakıda diaqnostik qiymətləndirmə zamanı nəticəsi yüksək olmayan müəllimlər üçün ixtisasartırma təlimləri keçiriləcək. O qeyd edib ki, hazırda ixtisasartırma təlimləri üçün paytaxt məktəblərinin müəllimlərinin ilkin dəyərləndirməsi aparılır.

 

C.Valehovun sözlərinə görə, diaqnostik sınaq qiymətləndirmədə 50%-dən aşağı nəticə göstərən müəllimlər fəaliyyət göstərdikləri ixtisas bilikləri üzrə ilkin dəyərləndirməyə cəlb olunacaq: “İlkin dəyərləndirmə heç bir imtahan xarakteri daşımır. Bu proses təxminən 1500 müəllimi əhatə edəcək. İlkin mərhələdə, bu günə kimi artıq 700-ə yaxın müəllim dəyərləndirmədən keçib. Həmin müəllimlər göstərdikləri bilik səviyyələrinə uyğun olaraq, qruplaşdırılacaq və ixtisas biliklərinin artırılması məqsədilə ixtisasartırma təlimlərinə cəlb olunacaq”.