Müəllimlər maaşlarındakı artımı aldılar | Təhsil Elanları
Müəllimlər maaşlarındakı artımı aldılar
Bölmə:Təhsil Nazirliyi 851 dəfə oxunub
04.04.2015

Bakı şəhərinin orta məktəblərində çalışan müəllimlər bu gündən ölkə prezidentinin sərəncamına uyğun olaraq maaşlarındakı artımı alıblar. Modern.az saytının məlumatına görə, təxminən 30 min müəllim mart ayının maaşı ilə yanaşı, geridə qalan yanvar və fevral aylarına görə hesablanmış artımı əldə ediblər.
 
Hər bir müəllimin maaşındakı artım faizi fərdidir. Bu, pedaqoji işçinin stajı və dərs yükündən asılıdır. Müəllimlərin aldığı maaşın məbləği həm də onların məvacibindən tutulan gəlir vergisindən asılı olaraq dəyişir.
Təhsil Nazirliyinin hesablamalarına əsasən, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əmək haqqı 30-40 faiz, 32,7 faizinin əmək haqqı 20-30 faiz, 7,1 faizinin əmək haqqısı 15-20 faiz həcmində artıb.
 
Xatırladaq ki, 2015-ci il yanvar ayının 16-da prezident sərəncamına əsasən, Nazirlər Kabinetinə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasınün 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması tapşırılıb. Bu sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.
 
Qeyd edək ki, maaşları artan müəllimlər Bakıda təxminən 30 min nəfər təşkil edir.